Ermənistanın baş naziri Nikol Paşinyan müvafiq dövlət qurumlarına üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına dair Türkiyə ilə işə başlamağı tapşırıb.
Yerli KİV-in məlumatına görə, Nazirlər Kabinetinin iclasında çıxış edən baş nazir deyib ki, danışıqlarda Ankara ilə İrəvanı təmsil edən Ruben Rubinyan və Serdar Kılıç artıq üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması, eləcə də hava yüklərinin daşınması ilə bağlı razılaşma əldə ediblər.
“Razılaşma razılaşmadır... Lakin bizim aidiyyəti qurumlarımızın bu prosesi koordinasiya etməsi çox vacibdir. Bu vacibdir ki, biz onları yerinə yetirə bilək”, - Paşinyan deyib.
Xatırladaq ki, bir müddət öncə Ermənistanın xüsusi nümayəndəsi, vitse-spiker Ruben Rubinyan İctimai Televiziyanın efirində Türkiyə ilə əldə olunan razılaşmaların yayın sonuna qədər həyata keçirilməsinin məntiqli göründüyünü demişdi.