Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Haber Global” telekanalına verdiyi özəl müsahibədə teleaparıcı Saynur Tezelin 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sualını cavablandırarkən deyib.
“Azərbaycan bizim qardaşımızdır. Bu mövzuda kimsənin tərəddüdü olmasın. Biz həqiqətən də iki dövlət, bir millətik. Xüsusilə də biz 44 günlük uğurlu əməliyyatdan (Vətən müharibəsi nəzərdə tutulur - red.) sonra azərbaycanlı qardaşlarımızla demək olar ki, bütövləşdik. Bu məsələdə (işğal dövründə - red.) biz gerçəkdən illərlə azərbaycanlı qardaşlarımızın bütün iztirablarını hiss etdik. 30 ildən bəri ATƏT-in Minsk qrupu və başqaları Azərbaycan torpaqlarının işğaldan azad edilməsində 30 kəlməlik iş görmədi. Bir milyondan çox qaçqın olmasına, Xocalı və başqa soyqırımların baş verməsinə, torpaqların 20 faizinin işğal edilməsinə baxmayaraq heç bir şəkildə heç kim tükünü tərpətmədi. Lakin baş verənlərlə bağlı iki məqam da var. Birincisi, Azərbaycan tək deyil. İkincisi, oradakı qardaşlarımızın “yetər artıq” deməsi ilə Azərbaycan fəaliyyətə başladı. Sayın Əliyevin liderliyi ilə toparlanan, çalışan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində böyük zəfərlə yanlış hesabları yoluna qoydu”, - o əlavə edib.
Nazir bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da iki ölkənin əlaqələri dərinləşərək genişlənir: “İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işlər davam edir. Tək ordu halında fəaliyyət göstəririk. Ərazilərin minalardan təmizlənməsi istiqamətində əlimizdən gələni edirik”.
Nazir Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin üçüncü tərəfə qarşı olmadığını deyərək, əlavə edib: “İki ölkənin əməkdaşlığı üçüncü dövlətə qarşı deyil. Əksinə, bu, Cənubi Qafqazın təhlükəsizliyi üçündür. Bu, regionda hər kəsin xeyirinədir”.