Dünya Bankı (DB) Azərbaycanla yeni tərəfdaşlıq çərçivə sənədi hazırlayır.
Bunu Trend-ə DB-nin Azərbaycan üzrə regional meneceri Sara Maykl deyib.
Onun sözlərinə görə, bu sənəddə növbəti beş il üçün əməkdaşlığın prioritet istiqamətləri müəyyən ediləcək: "Biz onu Azərbaycanın 2023-cü ilə qədər strategiyasına uyğun modelləşdirməyi planlaşdırırıq. Azərbaycan hökumətinin müəyyən etdiyi prioritetlər arasında "yaşıl" artım, iqtisadi inkişafın yeni modelləri, özəl sektor, insan kapitalının yaradılması, ətraf mühitin mühafizəsi var. Biz bütün dünyada bu prioritetləri dəstəkləyirik və bunu Azərbaycanda da edəcəyik".
O qeyd edib ki, Dünya Bankı yenidənqurma və inkişaf bankıdır, buna görə də münaqişədən sonrakı dövrdə azad edilmiş ərazilərə dəstək Azərbaycanla əməkdaşlığın ən mühüm prioritetlərindən biridir: "Bu məsələ bizim əməkdaşlığımızda çox vacibdir və biz hökumətin prioritet sahələri nə vaxt müəyyənləşdirəcəyini gözləyirik".