Oktyabrın 21-22-də İrəvanda səfərdə olmuş azərbaycanlı QHT sədrlərindən biri - Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov təəssüratlarını bölüşüb.
Modern.az-ın məlumatına görə, F.Məmmədov Ermənistan paytaxtında vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin görüşündə iştirak etdiyini bildirib.
O, Azərbaycan və Ermənistanın rəsmi strukturlarının bu görüşün ikitərəfli formatda keçirilməsinə şərait yaratdıqlarını xatırladıb.
“Uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsi Zvartnots hava limanında eniş etdi - bu, tezliklə ikitərəfli münasibətlərdə normaya çevrilə biləcək detaldır.
Sirr deyil ki, Azərbaycan və Ermənistan ekspertləri vaxtaşırı müxtəlif layihələr və beynəlxalq tədbirlər çərçivəsində görüşürlər. Lakin bu dəfə bütün detallar ikitərəfli müzakirə olundu: Azərbaycan təyyarəsinin İrəvana uçuşundan tutmuş proqramın hazırlanmasına, press-reliz mətninə və gündəlikdəki digər məsələlərə qədər. Bu, sülh gündəmi üçün çox vacibdir, çünki müstəqil şəkildə təşkil olunmuş görüşlərin keçirilməsi sülh prosesi üçün əlavə hesabatlılıq və təkan yaradır”, - F.Məmmədov deyib.
Onun sözlərinə görə, Vaşinqtonda imzalanmış 8 avqust tarixli Birgə Bəyannamə Azərbaycan və Ermənistan arasında əməkdaşlıq çərçivəsi yaratdı: “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan əldə olunmuş nailiyyətləri möhkəmləndirmək və əlaqələrin səviyyəsini genişləndirmək üçün addımlar atır. Bu, asan yol deyil, çünki kənar sponsor yoxdur; bütün işlər ikitərəfli qaydada aparılır. Hökumətlər artıq vətəndaş cəmiyyəti nümayəndələrini sülh prosesinə cəlb etmək üçün kifayət qədər məzmun yaradıblar. Uzunmüddətli sülh və sabitliyə sadiqlik var!”
F.Məmmədov bildirib ki, İrəvandakı görüş yüksək səviyyədə təşkil olunub, təhlükəsizlik təmin edilib, regionun geosiyasətindən tutmuş cəmiyyətlərimizi narahat edən mövzulara qədər geniş spektrli məsələlər müzakirə olunub. Tərəflərin məqsədləri və potensial birgə fəaliyyətləri müzakirə olunub.
“Hər gün media orqanlarından öyrəndiyiniz və gördüyünüz hər şeyi görmək, İrəvanda gəzmək, əlbəttə ki, maraqlı idi. Gəzinti zamanı hətta efirdən tanıdığım bir jurnalistlə də rastlaşdım...
Bəli, bəzi erməni saytlarında təhqirlər, hiddətlər səsləndirilir... Bəzi Azərbaycan saytları belə fikirlər səsləndirirlər ki, razılığa gəlmək mümkün deyil. Bu, cari dövrdə normaldır; cəmiyyətlərin hökumətlərin sülh gündəminə alışması üçün hələ çox iş görülməlidir. Prosesin irəliləməsi üçün rəsmi səviyyədə qərarlar verilir və vəziyyətin sabitləşməsi, davamlı sülhün bərqərar olması üçün bu tarixi məqamda şərait mövcuddursa, o zaman bunlardan istifadə olunmalıdır!”, - F.Məmmədov qeyd edib.