
"Rusiya və Azərbaycan arasında münasibətlər çox yaxşı olub və bu gün də həmin səviyyədə qalır".
Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavab verərkən deyib.
"Mən Rusiya ilə Azərbaycan arasındakı münasibətləri çox yüksək qiymətləndirirəm. Azərbaycanla hər zaman yaxşı əlaqələrimiz olub və bu gün də belədir - həm iqtisadi, həm də siyasi sahədə. Biz bir neçə il əvvəl Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalamışıq. Münasibətlərimiz də məhz bu xətt üzrə inkişaf edir", - deyə Rusiya lideri bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə strateji tərəfdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sənədlərin konkret məzmunla zənginləşdirilməsi istiqamətində böyük səylər göstərir.
Putin həmçinin vurğulayıb ki, Rusiya İrana humanitar yüklərin çatdırılması zamanı göstərilən dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdardır: "Biz Prezident İlham Əliyevə İrana humanitar yardım göndərilməsində bizə göstərdiyi köməyə görə çox minnətdarıq. Qeyd etməliyəm ki, Azərbaycan tərəfi bu istiqamətdə çox operativ və effektiv fəaliyyət göstərib, bütün müraciətlərimizə dərhal reaksiya verib. Bu da vəziyyətin yumşaldılması baxımından olduqca mühüm rol oynayıb".
V.Putin onu da bildirib ki, Rusiya və Azərbaycan bir sıra istiqamətlər üzrə danışıqlar aparırlar: "Biz bir sıra konkret istiqamətlər üzrə danışıqlar aparırıq. Bu barədə danışmaq hələ tezdir. Bu, ilk növbədə, energetikaya aiddir. Biz Prezident İlham Əliyevlə görüşəcəyik və bütün bunlar haqqında mütləq danışacağıq”.
"Ümumilikdə hesab edirəm ki, iki ölkə arasında münasibətlər formalaşır və çox müsbət məcrada inkişaf edir", - deyə Rusiya lideri fikrini yekunlaşdırıb.