“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə sentyabrın 14-də Ağsu rayonunun Padar kəndindəki Bilal Əfəndi məscidində “Qafqaz İslam Ordusu və Ağsu” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar 15 sentyabr - Bakı şəhərinin qurtuluşu gününə həsr olunub. 1918-ci ildə Qafqaz İslam Ordusunun qərargah mərkəzlərindən biri Ağsu rayonu ərazisindəki Bilal Əfəndi məscidində yerləşib və Nuru paşa döyüşləri buradan idarə edib.
Elmi seminarda rayon icra hakimiyyətinin məsul işçisi Kənan Tağızadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli və idarənin əməkdaşları, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və qoruğun işçiləri, Padar kənd icması, Qafqaz İslam Ordusunun əsgəri Məhəmməd əfəndinin oğlu Məhəmmədəli Həsənov, Bilal əfəndinin nəvəsi Xanım Nurəhmədova və nəslin digər üzvləri iştirak ediblər.
Qoruğun direktoru Fariz Xəlilli elmi seminarı açaraq Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası haqqında qısa məlumat verib. Qafqaz İslam Ordusunun Nuru paşanın komandanlığı ilə Bakını azad etməsindən, ilk ağır döyüşün Göyçay şəhəri, Qaraməryəm kəndində olmasından, iyulun 6-da Ağsunun azad edilməsindən danışıb. F.Xəlilli məlumatında Qafqaz İslam Ordusunun qərargah rəisi polkovnik-leytenant Rüştü Türkcanın hesabatına istinad etdiyini vurğulayıb. Hesabatda deyildiyi kimi, diviziyanın qərargahı Padar məscidində yerləşib və ordu Biləcəriyə yaxınlaşana qədər qərargah burada olub. O, Qafqaz İslam Ordusunun Bakı və Göyçay arasında qərargah mərkəzi olan Bilal Əfəndi məscidində 2018-ci ildə yürüş təşkil etdiklərini vurğulayıb. Qafqaz İslam Ordusu və 44 günlük müharibənin zəfərləri arasında əlaqə qurub, “bir millət, iki dövlət” ifadəsini vurğulayıb.
Elimi seminarda Nuru paşanın ordusunda döyüşən Məhəmməd əfəndinin oğlu Məhəmmədəli bəy atasının xatirələrini bölüşüb. Atasının əsgər geyimində fotosunu tədbir iştirakçılarına göstərib. Acıdərədə həlak olan türk əsgəri haqqında danışıb. Fariz Xəlilli ona “Qarabağlı Pir Məhəmmədin Mənaqibnaməsi” kitabını hədiyyə edib.
Ağsunun tarixi abidələrinin qorunmasına rəhbərlik edən Tərxan Tahirli ermənilərin 1918-ci ilin sentyabrına qədər Bakı, Göyçay, İsmayıllı və Şamaxıda törətdikləri qırğınlardan danışıb. Bildirib ki, Bilal əfəndi məscidinin inşası 1889-cu ilə təsadüf edir. Bu abidəni Hacı Əhməd əfəndi tikdirib. Abidə 1088 saylı inventar nömrəsi ilə Mədəniyyət Nazirliyi tərəfindən qorunur.
Rayon icra hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə tədbirdə çıxış edərək, Türk ordusunun köməyi ilə Bakının azad olunmasını Azərbaycan tarixində mühüm hadisə kimi qiymətləndirib.
Bilal Əfəndi nəslinin adından çıxış edən İzayəddin Nurəhmədov Bilal Əfəndi məscidinin inşası və bərpası haqqında məlumat verib.
Seminardan sonra Bilal Əfəndi məscidi və ətrafdakı qəbiristanlıq ziyarət edilib.
1918-ci ildə Azərbaycanda baş verən çətin tarixi proseslər, Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası tariximizin unudulmaz səhifələrindəndir. Bu səhifələrin açılması, daha dərindən öyrənilməsi və gənc nəslə çatdırılması bu gün olduqca önəmlidir.
“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix Mədəniyyət Qoruğunun direktor müavini Şölə Bayramova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tariximizin hələ tam açılmayan, ciddi araşdırmaya ehtiyacı olan səhifələri az deyil: “200 il rus imperiyasının işğalı altında olan, erməni daşnaklarının fitnə-fəsadlarından min bir əzab çəkən xalqımızın tarixinin indiki və gələcək nəsillərə çatdırılması çox vacibdir. Bizim bugünkü tədbirimizdə də əsas məqsəd 1918-ci il hadisələrini xatırlatmaqdır” .