Bəzi ölkələr Cənubi Qafqazda sülhü əngəlləməyə çalışır - ÇAVUŞOĞLU
Yenilənib

Bəzi ölkələr Cənubi Qafqazda sülhü əngəlləməyə çalışır.


Senzor.az-ın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşdə deyib.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov qonaqları səmimi salamlayaraq, ölkələrimiz arasında olan dost-qardaş münasibətlərdən söz açıb. Dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən Ziyafət Əsgərov bu sahədə ölkə başçılarının rolunu xüsusi qeyd edib, parlamentlərarası əlaqələrin də yüksələn xətlə inkişaf etdiyini, Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycana göstərilən dəstəyə görə Türkiyə xalqına və hökumətinə təşəkkür edib. Komitə sədri Azərbaycanın bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsi təşəbbüslərindən bəhs edib, Fransa və digərlərinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilələrinin regional təhlükəsizliyə ciddi təhdidlər yaratdığını bildirib. Komitə sədri aprelin 5-də keçiriləcək ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanmasını vurğulayıb, bu görüşün doğurduğu narahatlıqları diqqətə çatdırıb.

TBMM-in üzü Mövlud Çavuşoğlu Türkiyə və Azərbaycan arasında münasibətlərin müxtəlif aspektlərinə toxunub, hüquqi müstəvidə münasibətləri daha da dərinləşdirmək üçün bir sıra mühüm addımların atıldığını, Qarabağ Zəfərinin hər iki dövlətin müttəfiq olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri bəzi ölkələrin Cənubi Qafqazda sülhü əngəlləməyə çalışmasından söz açaraq Azərbaycana qarşı haqsız münasibətin, ikili standartların olduğunu diqqətə çatdırıb. Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycanın bütün platformalarda bundan sonra da bir-birinin haqqını sonadək müdafiə etməkdə davam edəcəklərinə əminliyini ifadə edib.


Görüşdə çıxış edən deputatlar Siyavuş Novruzov, Kamran Bayramov, Elşən Musayev və Məlahət İbrahimqızı Azərbaycanın NATO, xüsusən də Türkiyə ilə əməkdaşlığı barədə fikirlərini bölüşüblər.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

**16:16

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən xəbərə görə, görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək səviyyəsində olduğu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb.


Qeyd olunub ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatıb.


Spiker Sahibə Qafarova özünün Türkiyəyə rəsmi səfərlərini, həmçinin, TBMM sədri Numan Kurtulmuşla görüşlərini məmnunluqla xatırladıb və qarşılıqlı səfərlərin parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib. Görüşdə “Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizm olduğu vurğulanıb.


Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Mövlud Çavuşoğlu bu il ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin tarixi səs fərqi ilə qələbə qazanması münasibəti ilə təbriklərini çatdıraraq, deyib ki, bu qələbə Prezident İlham Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərinin, Qarabağ zəfərinin nəticəsidir.


Görüşdə parlamentlərimizin beynəlxalq platformalarda əməkdaşlığının hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd edilib ki, parlamentlərimiz mühüm əməkdaşlıq istiqamətlərindən biri də ayrı-ayrı beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında onsuz da çox sıx olan əlaqələrin daha da gücləndirilməsi, ortaq mövqeyin formalaşdırılması, birgə fəaliyyətin təmin edilməsi üçün müntəzəm ünsiyyət kanallarının yaradılmasıdır. Mövlud Çavuşoğlunun bugünkü səfəri də hər iki parlamentin bu istiqamətdə əlaqələri gücləndirmək niyyətini əks etdirir.


Söhbət zamanı xüsusilə vurğulanıb ki, bu gün bəzi beynəlxalq təşkilatlarda ölkələrimizə qarşı ikili standartların şahidi oluruq. Ölkəmizə qarşı xüsusi qərəzliliyi ilə seçilən təşkilatlardan biri də Avropa Şurasının Parlament Assambleyasıdır. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu gün AŞPA təəssüf ki, Mövlud Çavuşoğlunun prezident olduğu dövrdəki qurum deyil. Bu təşkilat çox dəyişib. Artıq AŞPA-da dəyərlər qalmayıb, təşkilat obyektivliyini itirib.


Söhbət zamanı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının da vacibliyi qeyd edilib. Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Azərbaycanın sabitliyi, inkişafı təkcə region üçün deyil, Avropa və Asiya üçün də əhəmiyyətlidir. O, çox təəssüflə bildirib ki, bu gün Fransa başda olmaqla, Ermənistana mənfi təsir edən ölkələr var. Lakin Azərbaycan tək deyil. Türkiyə sülhü dəstəkləyir və qardaş ölkə olaraq bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

**12:33

Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanını ziyarət edib.


Senzor.az-ın xəbərinə görə, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.


O, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.


M.Çavuşoğlu Türk Şəhidliyini də ziyarət edib və oradakı xatirə dəftərinə ürək sözlərini yazıb.


**

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.


Senzor.az xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.


Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.


Qeyd edək ki, səfər aprelin 5-də başa çatacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.