Ukraynadan kənd təsərrüfatı məhsullarının tədarükünə etiraz bildirən polşalı fermerlər sərhəd-keçid məntəqələrini blokadaya almağa davam edirlər.
Bu barədə Polşanın “Zet” radiosu “X” sosial şəbəkəsində məlumat yayıb.
“Fermerlər Ukrayna ilə sərhəddə nəqliyyatın hərəkətinə mane olurlar. Hazırda Doroxuskda yük maşınları Polşanı tərk etmək üçün 3 gündən çoxdur ki, gözləyirlər”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, polşalı fermerlərin ümummilli etirazı fevralın 9-da başlayıb. Polşada fermerlər bütün ölkə boyu etiraz aksiyası keçirərək Ukrayna ilə sərhəddə yolları və keçid məntəqələrinə girişləri bağlayırlar. Etirazçıların əsas tələbləri Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmağın nəzərdə tutulduğu Avropa İttifaqının ekoloji planlarından (Yaşıl Sövdələşmə) imtina etməkdir.