Ermənistanın Milli Təhlükəsizlik Xidməti aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insidentin məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verdiyini etiraf edib.
Bu barədə sözügedən qurumun məlumatında bildirilib.
Qeyd olunub ki, hazırda faktla bağlı cinayət işi qaldırılıb.
Xatırladaq ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.