Azərbaycan Cənubi Qafqaz regionunun ümumi tərəqqisinə xidmət edən perspektivli iqtisadi layihələrlə çıxış edir.
Bunu Qafqaz Müsalmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Mədəniyyətlərarası Dialoq Forumunda “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq” adlı plenar sessiyada çıxışı zamanı deyib.
“Təəssüflər olsun ki, Azərbaycanın bu səyləri ilə eyni vaxtda, Ermənistanda hələ də revanşizm, nifrət çağırışları səslənir. Separatizmi qızışdıranlara, revanşist təbliğat aparanlara, hərbi yardım vəd edən havadarlara bel bağlayaraq mürtəce planlar cızanlara xitabən bəyan etmək istəyirəm ki, xülyalara aldanıb öz xalqlarına yeni faciələr yaşatmasınlar. Unutmasınlar ki, bir yumruq kimi birləşmiş Azərbaycan xalqı, müstəqil, suveren Azərbaycan dövləti hər zaman bütün təhdidlərin öhdəsindən gəlmək iqtidarındadır”, - o əlavə edib.
QMİ sədri qeyd edib ki, Azərbaycan dövlətinin dinlərarası əməkdaşlıq sahəsinə böyük töhfələr verməsi mühüm məqamdır.
“Azərbaycanın bu səy və təşəbbüslərinin inkişaf etdirilməsi, real nəticələr verən belə tədbirlərin davamlı keçirilməsi xüsusi önəm kəsb edən məqamdır. Azərbaycan qlobal dinlərarası dialoq müstəvisində aparıcı mərkəzlərdən biri olaraq bu missiyanı davam və inkişaf etdirəcəkdir”, - o əlavə edib.