Düzgün maliyyələşdirmə və vəsaitlərin ayrılması olmadan iqlim gündəliyini irəli aparmaq mümkün olmayacaq.
"Report"un verdiyi məlumata görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.
“İqlim gündəliyini inkişaf etdirməklə bağlı çoxsaylı müzakirələr gedir. Artıq çox iş görülüb, amma daha çox iş görməliyik. Ən vacib məsələlərdən biri də təbii ki, maliyyələşdirmədir”, - o bildirib.
Nazirin sözlərinə görə, bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan Dubayda keçirilən COP28-in müsbət nailiyyətlərinə əsaslanacaq.
O, həmçinin vurğulayıb ki, Azərbaycan iqlim gündəliyini irəli aparmaq üçün beynəlxalq konsensusa nail olmağa ümid edir.
**11:15
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının iclası öz işinə başlayıb.
"Report"un verdiyi məlumata görə, görüş ADB-nin 57-ci illik toplantısı çərçivəsində keçirilir.
Tədbir zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin çıxışı gözlənilir. ADB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, ADB-nin Rəhbərlər Şurasının sədri Laşa Xutsişvili də çıxış edəcəklər.