Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib.
Senzor.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır.
Diqqətə çatdırıldı ki, yolun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.
Sonra dövlətimizin başçısı ümumi uzunluğu 6747 metr olan birinci tunelin açılışını etdi.
Prezident İlham Əliyev işçilərlə birgə foto çəkdirdi.
Daha sonra Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda dördüncü tunelin giriş və çıxış hissəsinə baxış keçirildi.
Məlumat verildi ki, yolun 73,7-ci kilometrliyindəki tunelin sol hissəsi 679,8 metr, sağ hissəsi isə 680,6 metrdir. Tuneldə qazma işləri başa çatdırılıb. Hazırda daxili işlər görülür.
**
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.
Senzor.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Bundan məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.
Layihəyə torpaq bəndin yuxarı byefində dağıdılmış bermanın və bütün bənd boyu beton üzlüyün, qülləli suburaxıcı-sutullayıcının estakadasının və çıxış hissəsinin, eni 6 metr, uzunluğu 283 metr olan səthi sutullayıcının yenidən bərpası, birmərtəbəli gözətçi evinin və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi və su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsi daxildir.
Xatırladaq ki, 1951-ci ildə istismara verilən Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr (faydalı həcmi 1,6 milyon kubmetr), hündürlüyü 23,35 metrdir. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Layihələndirmənin məqsədi bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.
Daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının dəmi-beton üzlüyü yenidən qurulub. Həmçinin birmərtəbəli gözətçi evi və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi, su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Qeyd olundu ki, ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib. Burada daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, qülləli suburaxıcının yükdaşıyan elementlərinin dəmir-beton konstruksiyaları, dib borusunun bütün mexaniki və qaldırıcı avadanlıqları, qurğunun estakadası metal və beton konstruksiyaları, eni 6 metr uzunluğu 780 metr olan səthi sutullayıcının bütün beton konstruksiyaları, binanın, mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib. Quruçaydan gələn sular su anbarına yönəldiləcək.
Dövlətimizin başçısı Köndələnçay su anbarları kompleksini işə saldı.
**13:00
Azərbaycan Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub.
Senzor.az-ın məlumatına görə dövlət başçısı yolboyu inşa edilmiş birinci tunelin açılışında iştirak edib.
**
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.
Senzor.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.