Lənkəranda gün ərzində ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələnin maqnitudası 4,4 olub.
Ocağı 13 kilometr dərinlikdə yerləşən yeraltı təkan episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Afterşoklar davam edir
**19:29
Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.
Bu barədə Senzor.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, bu gün saat 17:23-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib. Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
**19:15
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11.05.2024-cü il tarixində yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 km şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 km dərinlikdə 5.2 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
**18:30
Lənkəran rayonunda qeydə alınan zəlzələdən sonra afterşoklar - xırda təkanlar ola bilər.
Bunu açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
"Güclü təkan artıq geridə qalıb, əhali təşvişə düşməsin", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı zəlzələ olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.
**17:33
Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb.
Senzor.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata görə, zəlzələ 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb.
Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.