Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə parlament binası qarşısında və ətraf küçələrdə keçirilən mitinqin təşkilatçılarına və iştirakçılarına müraciət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nazirlik aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunvericilik orqanının giriş-çıxışlarını təmizləməyə, deputatlara və aparat üzvlərinə parlamentə daxil olmaq və öz vəzifələrini yerinə yetirməyə başlamaq imkanı yaratmağa çağırıb.
Bildirilib ki, əks halda, polis qanuni səlahiyyətləri çərçivəsində hərəkət edəcək və parlamentə girişlərin polis qüvvələri tərəfindən təmizlənməsini təmin edəcək.
Qeyd edək ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən insanlar mayın 12-dən növbəti mitinq təşkil ediblər. Onlar mayın 13-də səhər saatlarında Hüquq məsələləri komitəsinin iclasında deputatların təşəbbüsə üçüncü oxunuşda baxılmasına başlamasının qarşısını almaq üçün Rustaveli prospektində parlamentə gediblər və orada gecələyiblər.
Bütün gecə boyu davam edən aksiyalar zamanı polis parlamentin binası qarşısında 2 nəfəri saxlayıb. Parlamentin yaxınlığındakı Çiçinadze küçısində isə polis asayişi pozmağa çalışan aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiyaçılar polisə qarşı dəmir, şüşə və digər əşyalarla xəsarət yetirməyə cəhd ediblər.
Xatırladaq ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Prezident Salome Zurabişvili, ölkə müxalifəti, ABŞ və Qərb diplomatları onun əleyhinə çıxış edirlər. Onlar qanunun Avropa İttifaqına inteqrasiyata maneə olduğunu iddia edirlər.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının liderləri isə bildiriblər ki, bu, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığını təmin etmək məqsədinə xidmət edir.
**00:31
Gürcüstanın paytaxtı Tbilsiidə xarici agentlər haqqında qanun layihəsinin əleyhdarları yenidən parlament binasınının qarşısına toplaşaraq etiraz edirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, parlament binasının yerləşdiyi Rustaveli prospekti bağlanıb.
Etirazçılar bütün gecəni qanunverici orqanın qarşısında keçirmək niyyətindədirlər.
Qanunvericilik binasının qarşısında əlavə polis qüvvələri səfərbər edilib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası mayın 13-də səhər saatlarında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini komitənin dinləmələrinə təqdim edəcək. Ayın 14-də parlamentin iclası olacaq və orada hakimiyyətin qalmaqallı təşəbbüsünün üçüncü və yekun oxunuşda qəbul edilməsi planlaşdırılır.
Aprelin 15-dən Gürcüstanda “Rusiya qanunlarına yox!” şüarı altında mitinqlər keçirilir.
Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri etirazçıları dövlət qurumlarının qarşısını kəsiləcəyi təqdirdə 4 ilə qədər həbslə hədələyib.