Latviya Respublikası Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti mayın 19-da Füzuli və Şuşa şəhərlərində olub.
Milli Məclisin Mətbuat və ictimaiyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən xəbərə görə, əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti burada 44 günlük Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidə, Merdinli kənd məscidi və Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Sonra Füzuli şəhərinə gələn qonaqlara Ermənistanın işğal dövründə Füzulidə törətdiyi dağıntılar, vandalizm aktları, işğaldan azad olunandan sonra isə şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, Füzuli şəhərində ilk yaşayış məhəlləsinin inşası yekunlaşıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı başlayıb. Səfər iştirakçıları Füzulidə yeni tikilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə tanış olandan sonra Şuşaya yola düşüblər.
Nümayəndə heyətinin Şuşaya səfəri Azərbaycanın tanınmış şəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanı ilə tanışlıqdan başlayıb.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Latviya nümayəndə heyətinə Şuşa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə məlumat verib.
Nümayəndə heyəti sonra Yuxarı Gövhərağa məscidi, Bülbülün ev-muzeyi, qala divarları, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar oradan açılan gözəl mənzərəni seyr ediblər.
Səfərdə qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, parlamentin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, deputat Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov və digər rəsmi şəxslər müşayiət ediblər.
**18:05
“İlk olaraq demək istəyirəm ki, bu region çox gözəldir. Bu ərazilər həqiqətən də möhtəşəmdir. Axır ki, Qarabağda sülh bərqərar oldu. Azərbaycan hökuməti bu regionda bir çox quruculuq işləri görür. Qarabağa çoxlu vəsait yatırılıb. Biz öz gözlərimizlə bunun şahidi olduq. Burada yeni infrastruktur qurulub, yeni yollar salınıb, hətta yeni hava limanının (Füzuli Beynəlxalq Hava Limanı nəzərdə tutulur – red.) da tikintisi tamamlanıb. Bütün bunlar çox qısa zamanda yerinə yetirilib”.
Bu sözləri AZƏRTAC-a Şuşada səfərdə olan Latviya Parlamentinin sədri Daiga Mierina bildirib.
Daiga Mierina deyib ki, bütün bunlara şahidlik etmək çox sevindiricidir.
“Düşünürəm ki, bizim iş adamlarımız da buradakı quruculuq və bərpa işlərinə qoşula bilər. Bütün bunlar üçün təbii ki, danışıqlar aparmaq lazımdır. Burada bir çox fürsət var və bizim bu sahədə əməkdaşlığımız üçün böyük potensialı mövcuddur. Bizim ölkələrimiz arasında yüksək texnologiya sahəsində də əməkdaşlıq üçün böyük potensial var”, - deyə Latviya Parlamentinin sədri bildirib.
**16:26
Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gəlib.
Bu barədə Senzor.az-a Milli Məclisin Mətbuat xidmətindən xəbər verilib.
Qeyd edək ki, nümayəndə heyəti bundan əvvəl Füzuli şəhərində olub və səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olub.
**12:29
Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib.
Senzor.az xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Ermənistan Silahlı Qüvvələrinin 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.