Baş prokuror Kamran Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumağalinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Senzor.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Qonaqlar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Baş Prokurorluqda keçirilən ikitərəfli görüşdə qonaqları salamlayan Baş prokuror, tarixi, mədəni və dini ortaqlıqlar olan ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin birgə siyasi səylərinin nəticəsi olduğunu vurğulayıb.
Kamran Əliyev dövlət başçısının siyasi iradəsi və rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli qabaqlayıcı tədbirlər, aparılmış hüquqi və institusional islahatlar, milli antikorrupsiya qanunverciliyinin təkmilləşdirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığını qeyd edərək, Füzuli şəhərində Qazaxıstanın təşəbbüsü ilə inşa olunan və bu ilin 12 mart tarixində hər iki dövlət başçısının iştirakı ilə istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin qardaş dövlətin işğaldan azad edilmiş torpaqlarda fəaliyyətinin bariz nümunəsi olduğunu bildirib.
Həmçinin, bu ilin noyabrında dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un və 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyi barədə məlumat verilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Asxat Jumağali rəhbərlik etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib. Ölkəmizin korrupsiya ilə mübarizə sahəsində təcrübəsindən bəhs edən qonaq, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb.
Görüşdə Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel iştirak edib.
Baş prokuror Kamran Əliyev və Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumağali ölkələrimiz arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
Qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.