Milli Məclisin 2024-cü il yaz sessiyası başa çatıb.
Senzor.az xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub.
Spiker Sahibə Qafarova bildirib ki, yaz sessiyası dövründə 13 iclas keçirilib, 61 qanun qəbul edilib.
Sədrin sözlərinə görə, həmin müddətdə iki yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.
**
Yaz sessiyası başa çatdıqdan sonra Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.
Senzor.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.
Spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib. Sədr qeyd edib ki, növbədənkənar sessiya iyun ayında keçiriləcək.
**
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş iki qanun layihəsi qəbul edilməyib.
Senzor.az-ın xəbərinə görə, parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayıb:
- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
- “Ali təhsil haqqında” qanun layihəsi;
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.
**12:42
Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb.
Senzor.az xəbər verir ki, layihə səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.
**
Milli Məclisin yaz sessiyası üzrə son plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Senzor.az xəbər verir ki, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Qeyd olunub ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 % icra olunub.
2023-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7 %) təşkil edib, proqnoz 99,5 % icra olunub.
2023-cü il dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,7 %-ni təşkil edib.
**11:10
Milli Məclisin yaz sessiyasında son plenar iclası başlayıb.
Senzor.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş)
2. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
3. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında qanun layihəsi
4. “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
5. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
6. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)
7. “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
8. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
9. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.