Çinin Hunan əyalətində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb.
AZƏRTAC əyalətin Fövqəladə Halların İdarəedilməsi Mərkəzinə istinadla xəbər verir ki, hadisə səhər erkən vaxtı Huayhua şəhərinə aid Dousi kəndində baş verib. Sürüşmə nəticəsində 4 ev dağılıb. İtkin düşənlər həmin evlərin sakinləridir. Hazırda onların axtarışları aparılır. Kəndin sakinləri təhlükəsiz yerə təxliyə olunub.
Qeyd edək ki, son günlər Çinin müxtəlif bölgələrində, o cümlədən Hunan əyalətində leysan yağışları müşahidə olunur. Ölkənin cənubundakı Quandon və Fucien əyalətlərində, Quansi Cuan muxtar rayonunda iyunun 15-dən başlayan şiddətli yağışların yaratdığı fəsadlar, o cümlədən torpaq sürüşməsi, palçıq axını, sel və daşqın səbəbindən təxminən 55 nəfər ölüb, bir neçə sakin itkin düşüb.