İyunun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş keçirilib.
Bu barədə Senzor.az-a Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdə təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa söykəndiyini xüsusi vurğulayıb. Ölkəmizin əlamətdar günü - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümündə yanımızda olduğuna görə italiyalı həmkarına təşəkkürünü bildirib.
Müdafiə naziri cənab Q.Krosettonu sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Ölkəmizə hər səfərindən məmnun qaldığını və səmimi münasibət gördüyünü qeyd edən İtaliya Respublikasının müdafiə naziri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.