Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam etdirilib.
Geniştərkibli görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri, gündəlikdə duran aktual məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, diplomatik nümayəndəlik və konsulluqların fəaliyyətinin, siyasi məsləhətləşmələr mexanizmi strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Nazir Ceyhun Bayramov bugünkü rəsmi səfərinin də Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa əlavə təkan verəcəyinə dair ümidvarlığını ifadə edib.
İki ölkə arasında iqtisadiyyat, investisiyalar, ticarət, energetika, kommunikasiyalar sahələrində sıx əməkdaşlığın təqdirəlayiq olduğu, mövcud əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi nəhəng regional layihələrin uğurla həyata keçirildiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının tam şəkildə istifadəsinin əhəmiyyəti qeyd edilib. İqtisadi inteqrasiya səylərinin gücləndirilməsi, habelə birgə layhələrin icrasının sürətləndirilməsi baxımından Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Regional və qlobal təhlükəsizlik təhdidləri ilə mübarizədə milli səylərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin, xüsusilə kritik enerji instrastrukturu layihələrinin mühafizəsində əməkdaşlığın vacibliyi qeyd olunub.
Müxtəlif çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və s. çərçivəsində qarşılıqlı dəstək və həmrəylik səylərinin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Humanitar tərəfdaşlıq gündəliyinin əsas istiqamətləri, xüsusilə təhsil, mədəniyyət, idman sahələrində birgə əməkdaşlığın gücləndirilməsinin ölkələrimiz arasında yüksək səviyyəli dialoqa töhfə verəcəyinə dair əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə ətraflı məlumat verərək, COP29-un həmçinin Gürcüstanla bu sahədə əməkdaşlığımızın gücləndirilməsi üçün əlavə imkanlar yaratdığını qeyd edib. Bununla yanaşı, “Qara Dəniz Yaşıl Kabel”inin reallaşdırılması istiqamətində səylər ətraflı müzakirə olunub.
Postmünaqişə dövründə regional sülh və quruculuq səyləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə əsas təhdid və maneələrdən bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin sülh gündəliyinin təşəbbüskarı kimi bölgəmizdə təhlükəsizlik və əmin-amanlığın bərqərar edilməsi istiqamətində səylərini irəlilətmək əzmində olduğunu vurğulayıb. Sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilməsinə baxmayaraq, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların sülh prosesi çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər.
**14:34
Gürcüstan və Azərbaycan bir birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan bizim üçün həm yaxşı dost, həm də çox yaxşı strateji tərəfdaşdır
Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla Tbilisidə keçirdiyi görüşdən sonra təşkil olunan brifinqdə deyib
O bildirib ki, müxtəlif sahələrdə ikitərəfli əlaqələr inkişaf etdirilir:
"Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün əlindən gələni edəcək. Azərbaycanla Gürcüstan arasında iqtisadi layihələr həyata keçirilir. Bu, bizim region üçün çox önəmlidir".
**14:28
Dövlət rəsmilərinin qarşılıqlı səfərləri ölkələrimizin ikitərəfli münasibətlərin möhkəmliyindən xəbər verir. Azərbaycanla Gürcüstan bir birinin təşəbbüslərini hər zaman dəstəkləyir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi görüşdən sonra keçirilən brifinqdə deyib
"Bizim üçtərəfli Azərbaycan-Türkiyə-Gürcüstan platforması mövcuddur. Bir sıra mühüm qərarlar qəbul edilib və bəzi mövzularda razılıq əldə edilib. Ölkələrimizin həyata keçirdiyi layihələr nəqliyyat, enerji təhlükəsizliyi baxımından çox vacibdir.
"Ölkələr arasında ticarət dövriyyəsi 900 milyon dollar olub ki, bu da ötən illə müqaisədə artıqdır. Azərbaycanın Gürcüstan üzərindən dünya bazarlarına neft, qaz boru kəmərləri keçir. Bu layihələr regionumuzun inkişafına böyük töhfə verir. Yaşıl enerji koridoru layihəsi də əsrin əhəmiyyətli layihələrindən sayıla bilər", - C.Bayramov bildirib.
**
Bu gün Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşüb.
Yerli KİV xəbər verir ki, görüş nazirin Gürcüstana rəsmi səfəri çərçivəsində baş tutub.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib.
**10:08
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 27 iyun 2024-cü il tarixində Gürcüstana rəsmi səfərə yola düşüb.
Bu barədə Senzor.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.