İranda prezident seçkilərinin ikinci turundan öncə sükut günü başlayıb. Növbəti tura keçən namizədlər - mühafizəkar Səid Cəlili və islahatçı Məsud Pezeşkiyan seçkiqabağı kampaniyalarını başa çatdırıblar.
Yerli KİV xəbər verir ki, seçkilərin ikinci tur ərəfəsində keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Məsud Pezeşkiyana, 48 faizi isə Səid Cəliliyə səs verməyə hazır olduğunu ifadə edib. Sükut günündə təbliğat və təşviqat aparmaq qadağandır.
Xatırladaq ki, iyunun 28-də İranda dörd namizədin iştirakı ilə prezident seçkilərinin birinci turu keçirilib. Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün qalib ikinci turda müəyyən ediləcək. Birinci turda 42,5 faiz səs toplayan Məsud Pezeşkiyan və 38,6 faiz səs toplayan Səid Cəlili iyulun 5-də keçiriləcək ikinci turda iştirak etmək hüququ qazanıb.
Seçkilərin birinci turunda iştirak 40 faiz təşkil edib. Bu, İslam respublikasının 45 illik tarixi ərzində prezident seçkilərində qeydə alınan ən aşağı göstəricidir.
İranda 14-cü prezident seçkiləri Prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir. Qəzada ümumilikdə səkkiz nəfər, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra dövlət rəsmiləri də həyatını itirib.