İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - FOTO
YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.


Senzor.az xəbər verir ki, dövlət başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verildi.


Bildirildi ki, ümumi daxili sahəsi 2600 kvadratmetr olan Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə ötən ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb.


Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərəcək.

Diqqətə çatdırıldı ki, burada fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti üzrə işlə təmin edilməsi nəzərdə tutulur.


Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilib.


Bildirildi ki, buradakı Şuşa regional “ASAN xidmət” mərkəzində 21 nəfər çalışacaq. İşçilərin hamısı Şuşada qeydiyyatda olan vətəndaşlar arasından (köç siyahısından) seçilib.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.


Bildirildi ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.


Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.

2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.


İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Məscidin daxilində qazıntı işləri, qruntun çıxarılması və çınqıl qatının hazırlanması işləri aparılıb. Bundan əlavə, damdakı günbəzlərin üst səthinin xüsusi qatqılı suvaqla suvanması işləri də görülüb. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib. Mədrəsə bölməsində sonradan əlavə edilmiş divarlar aradan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulması işləri aparılıb.


Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.

Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş.” mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.


Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. Erməni təcavüzkarları şəhər və rayonları, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətləri talan etmiş, bu ərazilərdəki dini, tarix və mədəniyyət abidələrini vandalizm aktlarına məruz qoymuşdur.


İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsidir. İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur.


Muzeyin “İşğal dövründə dağıdılmış tarix və mədəniyyət abidələri” bölməsində isə işğal dövründə vandalizmə məruz qalmış tarix və mədəniyyət abidələrini əks etdirən foto və videomateriallar təqdim edilir. Hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Qarabağın, Şərqi Zəngəzurun, həmçinin Ermənistanla sərhəd olan Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.

“İşğal dövründə ekosid” bölməsində ziyarətçilərə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 30 ilədək davam edən işğalın insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnməsinə dair faktlar çatdırılır.


“30 illik həsrətin sonu” bölməsində Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfər, 30 ilə yaxın doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların Vətən həsrətinə son qoyulmasına dair məlumatlar, fotolar və videomateriallar yer alıb.


“Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi” bölməsində Qarabağda və Şərqi Zəngəzurda bu gün canlanan həyata dair materiallar əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istər Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə, istərsə də Azərbaycan xalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin və milli-mənəvi dəyərlərin dünyaya təqdim olunmasına yönəlib. Muzeydə məhz bu dirçəlişi əks etdirən fotolar və videomateriallar da nümayiş olunur.


Burada Qarabağa və Şərqi Zəngəzura dair müxtəlif nəşrlərlə tanış olmaq mümkündür. Muzeydə “Şuşada dörd fəsil” beynəlxalq fotolayihəsi çərçivəsində Qarabağın incisi olan Şuşanın mənzərələrini əks etdirən əsərlər də təqdim olunur.

**16:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.


Bildirildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.

İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.


Qeyd edək ki, Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulaq Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Yerli əhalinin bu hidronim haqqında məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə aşkar etmiş İsa adlı əkinçinin adını daşıyır.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib.


Senzor.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhəri 2020-ci il noyabrın 8-də şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən Şuşanın su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılarkən məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər məqsədli şəkildə dağıdılıb və nəticədə suyun nəqli dayandırılıb.


Təxirəsalınmaz Tədbirlər Proqramına əsasən Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər su mənbəyi - Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.


Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni kəmər inşa edilib. Eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 426 və 530 millimetr olan borularla əvəzlənib. Beləliklə, 2022-ci ilin dekabrında Şuşaya yeni mənbədən suyun verilməsi nəticəsində evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.


Şuşa şəhərinə verilən içməli suyun keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu təmin etmək məqsədilə Təxirəsalınmaz Tədbirlər Proqramı çərçivəsində mövcud sutəmizləyici qurğunun yenidən qurulması layihəsinin icrasına başlanılıb. Qurğuda 12 qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib. Görülmüş işlər nəticəsində qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Hazırda şəhərdə yaşayan, çalışan və səfər edən 3500-dən çox insan bu təmizləyici qurğuda sutka ərzində emal olunan və standartlara tam uyğun içməli su ilə təmin edilir. Layihənin növbəti mərhələsində Şuşa şəhərinin dayanıqlı su təchizatı məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr təşkil edəcək müasir tipli yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Şuşa şəhərinin su təchizatının dayanıqlılığının təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Həmin anbarlardan birinin tikintisi davam etdirilir.


Dövlətimizin başçısı Şuşa sutəmizləyici qurğular kompleksində görülən işlərə dair videoçarxa da baxdı.


Bildirildi ki, 2040-cı ilə Şuşanın perspektiv inkişafı nəzərə alınmaqla hazırlanan su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhərin orta günlük su tələbatı saniyədə 105 litr təşkil edəcək. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək.


Şəhərin Baş planına uyğun hazırlanmış layihəyə əsasən, Şuşada 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçay çayına axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.


Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksini işə saldı.

**11:30


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.


Senzor.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.


Senzor.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib.


Senzor.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

**10:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.

 

Senzor.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.