İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində Azərbaycanla bu ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.
Senzor.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Hökumətlərarası Komissiyanın həmsədrləri Mikayıl Cabbarovla Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov Komissiyanın işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icra edilməsi üçün səmərəli platforma olduğunu vurğulayıblar.
Qeyd olunub ki, ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir. Ötən il Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk 5 ayında isə bu göstərici təqribən 70 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib.
Sənayeyə birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal edilib. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir.
Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir. Regionlararası forumlar bu sahədə, eləcə də mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verir. Azərbaycan və Özbəkistanın nəqliyyat-tranzit sahəsində də böyük potensialı var.
Qeyd edilənlərlə yanaşı, səhiyyə, turizm, mədəniyyət, təhsil və digər sahələrdə də uğurlu tərəfdaşlıq həyata keçirilir.
Komissiyanın iclasında ölkəmizdə iqtisadi fəallığın artırılması və əlverişli biznes mühitinin yaradılması üçün tətbiq edilən müxtəlif stimullaşdırma mexanizmləri, işğaldan azad edilmiş ərazilərin biznes potensialı, həyata keçirilən infrastruktur layihələri və s. barədə məlumat verilib. Bildirilib ki, özbəkistanlı sahibkarlar Azərbaycandakı sənaye zonalarında və Ələt Azad İqtisadi Zonasındakı güzəştlərdən yararlanaraq rəqabətqabiliyyətli fəaliyyət qura bilər.
Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanıb. Sənəddə iqtisadi-ticarət, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, innovasiyalar və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi əksini tapıb.
Səfər çərçivəsində, həmçinin, nümayəndə heyətinin tarixi abidələrlə tanışlığı təşkil edilib.
**11:20
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.
Senzor.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dost ölkədən olan həmkarlarımızla keçirəcəyimiz görüşlərdə birgə fəaliyyətimizi genişləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik", - deyə o qeyd edib.
Səfər çərçivəsində bu gün Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının 13-cü iclası keçiriləcək. Həmçinin, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasının, eləcə də Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüş keçirilməsi nəzərdə tutulur.