İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampı Yaxın Şərqdə sülhü təşviq etməklə, İsrailin ABŞ-ı İranla müharibəyə sürükləməsi arasında seçim etməyə çağırıb.
Pezeşkian bu barədə amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə danışıb.
"Tramp regionumuzu sülhə və parlaq gələcəyə apara bilər, ya da İsraili dibsiz bir çuxura, bataqlığa sala bilər. İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ı və ya Trampı müharibəyə sürükləmək istəyir. Seçim Amerika Prezidentinin ixtiyarındadır", - deyə o vurğulayıb.
İran Prezidenti Yaxın Şərqdə növbəti müharibənin daha böyük qeyri-sabitliyə gətirib çıxaracağını və bunun ABŞ-ın maraqları ilə ziddiyyət təşkil edəcəyini bildirib: "Tramp başa düşməlidir ki, növbəti müharibə Yaxın Şərqdə daha böyük qeyri-sabitliyə səbəb olacaq, bu isə ABŞ-ın maraqlarına uyğun deyil".
Pezeşkian, həmçinin Trampın Netanyahu ilə bağlı qərar vermək üçün kifayət qədər səlahiyyətə malik olduğunu qeyd edib.