
Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
Senzor.az-ın məlumatına görə, bu barədə o, yerli jurnalist Əli Toktakunova verdiyi müsahibəsində danışıb.
Dövlət başçısı vurğulayıb ki, arzu edən hər kəs seçkilərdə iştirak edə bilər və digər namizədlər üçün heç bir məhdudiyyət olmayacaq.
S.Japarov qeyd edib ki, daha əvvəl Kamçıbek Taşiyevi Qırğızıstanın gələcək prezidenti kimi nəzərdən keçirirdi. Dövlət başçısının sözlərinə görə, əgər Taşiyev 2027-ci il seçkilərinə qədər təcrübə toplayıb ölkəyə rəhbərlik etməyə hazır olsaydı, o, bu seçkilərdə iştirak etməməyi planlaşdırırdı. "Mən 6 il hakimiyyətdə olmağı, 2027-ci il seçkilərində iştirak etməməyi planlaşdırmışdım - əgər o hazır olsa, təcrübə toplasa, yaxşı işləməyə başlasa, onu prezident edib, özüm istirahətə çıxaram. 2027-ci ilin yanvarında seçkilər keçirilməlidir. Mən bunu ona 2-3 il əvvəl demişdim", - o vurğulayıb.
Xatırladaq ki, Qırğızıstanda növbəti prezident seçkiləri seçki qanunvericiliyinə dəyişikliklərdən sonra 2027-ci il yanvarın 27-də keçirilməlidir.