İsrail fələstinliləri zorla köçürmək niyyətində deyil, sadəcə getmək istəyənlərə bu imkanı təklif etmək istəyir.
“The Times of Israel” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
"Biz heç kimi qovmuruq və Prezident Trampın da bunu təklif etdiyini düşünmürəm", - Netanyahu Kapitolidə jurnalistin sualını cavablandırarkən deyib.
"Biz bunu seçim azadlığı adlandırırıq. Heç bir məcburiyyət, heç bir zorla köçürülmə yoxdur. Əgər insanlar Qəzzanı tərk etmək istəyirlərsə, onların buna hüququ olmalıdır. Onlar HƏMAS tərəfindən silah gücünə saxlanılmamalıdırlar", - Netanyahu bildirib.
Teleqraf xatırladır ki, əhalinin Qəzzadan köçürülməsi təklifi ilə ilk dəfə ABŞ Prezidenti Donald Tramp çıxış etmişdi. Sonradan Tramp daha bu barədə danışmasa da, İsrail bu ideyanı qəzzalıların “könüllü miqrasiyasını təşviq etmək” cəhdi kimi təqdim edir.
İddialara görə, Netanyahu “Likud” partiyasının üzvləri ilə görüşü zamanı bildirib ki, İsrail Qəzzada binaları fələstinlilərin oranı tərk etməyə məcbur qalması üçün dağıdır.