Avropa Parlamentinin bir neçə deputatının gürcü xalqına məktubu gərginliyi artırıb. Məktubda deyilir ki, Gürcüstan illər uzunu Avropa İttifaqına inteqrasiyada avanqard olsa da, indi vəziyyət dəyişib. Hakimiyyət isə ittihamları qəbul etmir.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
Avropa İttifaqı Gürcüstanı Ukrayna müharibəsində tutduğu mövqeyə görə ciddi şəkildə cəzalandırmaq qərarına gəlib. Dörd aydır ki, davam edən müharibədə rəsmi Tbilisinin tutduğu mövqe bəllidir - neytrallıq və Rusiya ilə münasibətləri korlamamaq. Halbuki, əksəriyyət hesab edirdi ki, Gürcüstan birmənalı şəkildə Kiyevi müdafiə edəcək. Lakin belə olmadı. Hətta rəsmi Tbilisi Ukraynaya döyüşməyə getmək niyyətində olanların qarşısını aldı, anti-Rusiya aksiyalarına qarşı çıxdı. Münasibətlər o həddə çatdı ki, Ukrayna bu ölkədəki səfirini belə geri çağırdı və hələ də ikitərəfli münasibətlər bərpa olunmayıb.
Moldova və Ukraynaya “hə”, Gürcüstana isə...
Bəziləri bu fikirdə idi ki, rəsmi Tbilisi eks-prezident Mixail Saakaşviliyə dəstək verdiyi üçün Kiyevdən incik düşüb. Lakin bu versiya o qədər də inandırıcı görünmür. Səbəblər isə daha dərindir. 2008-ci il müharibəsi zamanı Rusiya qarşısında tək qalan Gürcüstan, görünür, həmin hadisələrdən ciddi nəticə çıxarıb. Gürcüstan ümid edirdi ki, Qərb onun qeyri-müəyyən siyasətinə göz yumacaq. Lakin proseslərin gedişi göstərir ki, belə deyil. Bəlli olduğu kimi, Avropa İttifaqı uzun illərdir ki, Gürcüstan, Ukrayna və Moldovanı öz tərkibinə daxil edəcəyini vəd edir, onlarla birlikdə proqramlar həyata keçirir. İndi isə Aİ gözlənilmədən Moldova və Ukraynaya qapılarını açır, Gürcüstana isə gözləməyi tövsiyə edir. Qurumun komitələri hər iki ölkəyə Aİ-yə üzvlük üçün namizəd statusu verib, Gürcüstan isə heç yada belə düşməyib. Və diqqət Aİ-nin iyunun sonlarında keçiriləcək sammitinə yönəlib.
Gürcü müxalifəti də səbirsizliklə gözləyir
Rəsmi Tbilisinin reaksiyası isə gözlənildiyi kimi sərt olub. Hakim “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze Aİ-nin Gürcüstana deyil, Ukrayna və Moldovaya namizəd statusu verməsini ədalətsizlik adlandırıb. Kobaxidze qeyd edib ki, o, qərarı Aİ üzvlüyünə namizəd statusunun verilməsindən imtinaya işarə kimi qəbul edir. "Bu qərar, bir növ eyham kimi qəbul edilməlidir. Bu, tamamilə məntiqsiz bir addım olacaq. Gürcüstanda sülh, qanunun aliliyi və iqtisadiyyatın tərəqqisində maraqlı olan bütün insanların ədalətsiz qərara reaksiyası mənfi olacaq”, - Kobaxidze bildirib. Onun sözlərinə görə, Aİ-nin 23-24 iyun tarixlərində keçirilən sammitində qəbul ediləcək qərardan sonra ictimaiyyətə kuluarlarda gedən müzakirələr barədə ətraflı məlumat veriləcək. Kobaxidze deyib ki, gürcü müxalifəti də status verilməməsini səbirsizliklə gözləyir. Müxalifət etiraz aksiyaları və ardınca da “çevriliş” təşkil etməyə hazırlaşır. Hədəf də Gürcüstanı müharibəyə çəkməkdir".
Rəsmi Tbilisini özündən çıxaran həm də odur ki...
"Transparency International Georgia" qeyri-hökumət təşkilatı isə Bidzina İvanişvilini yalan danışmaqda ittiham edib – “onun Rusiyada biznes maraqlarının olmaması ilə bağlı dedikləri həqiqətə uyğun deyil”. Keçmiş ədliyyə naziri, hazırda mədəniyyətə cavabdeh olan baş nazirin müavini Tea Tsuluqiani deyib ki, Avropa Parlamenti Gürcüstanın xalq tərəfindən seçilmiş hökumətinə hücumda həddindən artıq irəli gedib. "Bu, ölkəmizin daxili işlərinə birbaşa və aqressiv müdaxilədir", - deyə Tsuluqiani bildirib.
Yeri gəlmişkən, Gürcüstanı özündən çıxaran həm də Avropa Parlamentinin “Gürcüstanda media azadlığının və jurnalistlərin təhlükəsizliyinin pozulmasına dair” qətnaməsidir. Mətndə müxalifətdə olan “Mtavari” telekanalının baş direktoru Nika Qvaramiyanın azadlığa buraxılması, sabiq prezident Mixail Saakaşvilinin xaricə müalicəyə göndərilməsi və “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiqi tələb olunur.
Avroparlamentarilərin gürcü xalqına məktubu
Belə bir mürəkkəb vəziyyətdə isə Avropa Parlamentinin bir neçə deputatının gürcü xalqına məktubu gərginliyi daha da artırıb. Məktubda deyilir ki, Gürcüstan illər uzunu Avropa İttifaqına inteqrasiyada avanqard olsa da, indi vəziyyət dəyişib və kədərli hal alıb. “Çoxsaylı xəbərdarlıqlara baxmayaraq, hazırkı hökumət Gürcüstanı Aİ-yə inteqrasiyada ön sıralarda saxlamaq üçün kifayət qədər iş görməyib. Bu, Gürcüstanın dostları olan Qərb ölkələrinin Avropa İttifaqında, o cümlədən ABŞ-da işini xeyli çətinləşdirir”, - deyə məktubda qeyd olunur.
Məktubda ən böyük problemlərdən biri Gürcüstanda oliqarxlaşma və onu müşayiət edən sosial və siyasi qütbləşmənin davam etməsidir. Avroparlamentarilər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsini da tənqid edir və bunu bir neçə il əvvəl Yuliya Timoşenkonun Ukraynada həbsi ilə müqayisə edirlər: “Keçmiş baş nazir Yuliya Timoşenkonun həbsinin Ukraynanın Avropa İttifaqı ilə münasibətlərinə necə təsir etdiyini hamı xatırlayır. Gürcüstan bundan nəticə çıxarmalıdır”.
Məktubda həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aylarla davam edən danışıqlardan sonra 2021-ci ilin aprelində müxalifətlə imzalanan siyasi razılaşmanın Gürcüstan hakimiyyətinin ləğv etdiyinə də toxunulur.
Hakim partiya iradlarla razılaşmır
“Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze deputatların məktubunu şərh edərkən deyib ki, “bu nə bizim, nə də Gürcüstan cəmiyyəti üçün heç bir əhəmiyyət kəsb etmir”. Onun sözlərinə görə, məktubun müəllifləri Saakaşvilinin dostlarıdır və bu da hər şeyi izah edir. “Onlar iki kriminal siyasi birliyin – “Milli Hərəkat” və “Avropa Gürcüstanı”nın daxil olduğu Avropa Xalq Partiyasının üzvləridir. Ona görə də “Avropa Gürcüstanı”nın dedikləri, əslində, Gürcüstanın iki siyasi qüvvəsinin bəyanatıdır. “Milli Hərəkat”ın dostları və “Avropa Gürcüstanı” gürcü xalqının dostu ola bilməz”, - deyə Kobaxidze hesab edir. O əlavə edib ki, Aİ-yə inteqrasiya prosesində Gürcüstan bütün parametrlər üzrə Moldova və Ukraynanı üstələyib.