Sumqayıtdakı "Zəngəzur" kafesinin icarəçisi Orxan Əliyev ölkə Prezidentinə, Birinci vitse-prezidentə, ədliyyə nazirinə, SOCAR və “Azəriqaz” dövlət şirkətlərinə, həmçinin Bakının Xətai rayonu İcra və Aprobasiya İdarəsinə şikayət məktubu ilə müraciət edib.
O.Əliyev Turan-a bildirib ki, “Azəriqaz” onu 3500 manat cərimə edib. O, Sumqayıt Şəhər Məhkəməsinə cərimədən etiraz edib, orada sanksiyanı qanunsuz sayıblar və ləğv ediblər. “Azəriqaz” Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib və bu məhkəmə birinci instansiya məhkəməsinin qərarını dəstəkləyib.
“Azəriqaz” məhkəmənin qərarını yerinə yetirməli və cəriməni ləğv etməlidir. Əvvəlcə belə də olub, lakin sonra cərimənin bütün məbləği yenidən İstehsalat Birliyinin bazasında görünüb. Biznesmenin sözlərinə görə, cərimə yenidən məlumat bazasına ona görə düşüb ki, o, məhkəmə qərarı barədə sənədi Bakının Xətai Rayon İcra və Probasiya Xidmətinə təqdim etməyib.
O.Əliyev hesab edir ki, XXI əsrdə məhkəmə texniki imkanlara malikdir və vətəndaşları poçtalyon funksiyasını yerinə yetirməyə məcbur etmədən sənədləri İcra və Probasiya Xidmətinə, eləcə də digər ünvanlara özü göndərməlidir.
O.Əliyev ona verilən cəzanı qəsdən icra etməyən şəxs statusunda qalmaqda davam edir. Onun abonent razılaşmasını uzatmasından imtina edirlər, buna görə də onun kafesinə qazın verilməsi dayandırılacaq, çünki qaz sayğacı bloklanıb.
Turan məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib. İstehsalat Birliyinin Çağrı Mərkəzində deyiblər ki, O.Əliyev məhkəmənin qərarını birliyin mərkəzi ofisinə, hüquq şöbəsinə gətirməlidir.
İstehsalat Birliyinin mətbuat xidməti Turan-ın müraciətinə cavab verməyib.
Bu cavab vətəndaşı təəccübləndirib, çünki “Azəriqaz” Apellyasiya Məhkəməsinə iddia ilə müraciət edib və bu şirkətin nümayəndəsi həmin məhkəmənin 2(085)-319/2019 saylı qərarını əlinə alıb. Əgər elektron poçt, İnternet və elektron baza məlumatları varsa, Orxan Əliyev bu sənədi oraya niyə aparmalıdır?
Yəqin ki, “Azəriqaz” İstehsalat Birliyində sənədləri qoltuğuna vurub şəxsən özün getməsən heç bir məsələ həll olunmur. Çünki Apellyasiya Məhkəməsinin Orxan Əliyevin xeyrinə hökm çıxardığı və yerinə yetirilmədiyi vaxtdan 3 il keçib...