Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbçisi Samir Xudiyev dəfn olunub.
Senzor.az-ın məlumatına görə, mərhum yaylım atəşləri altında Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.
Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə hər iki əsgərimiz şəhid olub.