Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev bu gün dəfn olunub.
Senzor.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən bildirir ki, bundan əvvəl Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib.
Ali Məclisin Sədri şəhidin atası Əsgər Əliyev ilə görüşərək başsağlığı verib.
Şəhidin cənazəsi doğulduğu Culfa rayonunun Ləkətağ kəndinə yola salınıb.
... Şəhid Babək Əliyev doğulduğu kənddə-Culfa rayonunun Ləkətağ kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.