Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin 1-ci mədən 30-cu korpus ərazisindən keçən 160 mm diametrli, təzyiqli magistral su kəmərində qəza baş verib.
Senzor.az bildirir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.
Məlumata görə, su sızması magistral su kəmərinin mühafizə zolağında qeyri-qanuni inşa edilmiş 170 nömrəli fərdi yaşayış evinin altında yaranıb. Qəza nəticəsində ərazidə olan bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətləri də su altında qalıb.
Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra “Azərsu”yun, rayon icra hakimiyyəti və bələdiyyənin əməkdaşları qəza yerinə baxış keçiriblər. Məlum olub ki, qəza həmin yaşayış evinin yataq otağının alt hissəsində baş verib, bu da həmin yerdə texnikanın işləməsini mümkünsüz edib. Mənzil sahibi evin döşəməsini söküb, qəzanın yeri müəyyən edilib. “Azərsu”yun qəza briqadası su axıntısının qarşısını müvəqqəti alıb. Hazırda qəzanın tam aradan qaldırılması üçün işlər davam etdirilir.
"Fərdi yaşayış evlərinin və obyektlərin inşası zamanı tikinti qaydalarına əməl olunmaması, tikintilərin magistral və paylayıcı su xətlərinin mühafizə zonasında, hətta bəzi hallarda üzərində aparılması baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaradır. Texniki vasitələrlə qazıntı işlərinin aparılması mümkün olmadığından təmir-bərpa işləri olduqca çətin şəraitdə həyata keçirilir və uzun müddət çəkir. Təhlükəsizlik qaydalarına görə təmir bərpa işlərinin aparılması üçün kəmərin mühafizə zonası tam boşaldılmalı, texnikanın sərbəst hərəkətinə şərait yaradılmalıdır. Əksər hallarda mənzil və obyekt sahibləri bununla razılaşmır, nəticədə təmir işlərinin başa çatdırılması xeyli vaxt aparır.
Ötən müddətdə Biləcəri qəsəbəsi Məlikaslanov küçəsi, Binəqədi yolu 3-cü döngə, Xətai rayonu kənd Əhmədli, Nizami rayonu Azər Manafov, Çobanzadə küçələri və s. ərazilərdə magistral su xətləri və kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradaın qaldırılmasına kommunikasiya xətləri üzərində qanunsuz tikilmiş fərdi yaşayış evləri və obyektləri çətinliklər yaradıb.
Vətəndaşların və sahibkarların diqqətinə bir daha çatdırırıq ki, magistral su xətlərinin, anbarların, kanalizasiya kollektorlarının mühafizə zonasında fərdi yaşayış evlərinin və obyektlərin tikintisi qadağandır. Magistral kəmərdə təzyiqin yüksək olması qəza zamanı təkcə tikililər üçün deyil, insanlarln həyatı üçün də ciddi təhlükələr yaradır.
Vətəndaşlar və sahibkarlar fərdi yaşayış və obyekt üçün torpaq alarkən həmin ərazidə kommunikasiya sistemlərinin olub olmamasını dəqiqləşdirmək üçün birmənalı qaydada "Azərsu"dan müvafiq rəy almalıdırlar", - deyə səhmdar cəmiyyəti bəyan edib.