Avqust ayının 22-də saat 06:30-da “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 (üç) nəfər naməlum şəxsin Azərbaycandan Rusiyaya doğru hərəkət etməsi və özlərini şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.
Senzor.az bildirir ki, DSX-nın Mətbuat Mərkəzindən verilən məlumatda belə deyilir.
Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd pozucusu qismində saxlanılıblar.
Araşdırma zamanı onların Azərbaycan vətəndaşı, Ağdaş rayon sakinləri - 1986-cı il təvəllüdlü Həsənov Elşad Elxan oğlu, 1986-cı il təvəllüdlü Cahangirov Əkbər Vüqar oğlu və 1987-ci il təvəllüdlü İsayev Xəyyam İntiqam oğlu olmaları müəyyənləşdirilib.
Avqust ayının 22-də saat 15:00-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində yerləşən meşə massivində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edərkən 1 (bir) nəfər Azərbaycan vətəndaşı, Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Əliyev Elvin Əvəz oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı E.Əliyevin əvvəllər də dəfələrlə məhkum edildiyi və bir necə gün öncə Bakı şəhərində törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə qaçaqmalçılıq yolu ilə İrana keçməyə cəhd etməsi müəyyənləşdirilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.