Binəqədi Rayon Məhkəməsində “Xural TV” internet kanalının rəhbəri jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində Baş Prokurorluq tərəfindən verilmiş təqdimata baxılıb.
Senzor.az bildirir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə gecə saatlarında keçirilən prosesdə Ə.Zeynallı və E.Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham olunur.
Xatırladaq ki, bir neçə gün öncə jurnalist Eynulla Fətullayev həmkarı Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığını iddia etmişdi. Daha sonra bununla bağlı səs yazısı yaymışdı. Həm Əvəz Zeynallı, həm də iş adamının vəkili olan Elçin Sadıqov iddiaları təkzib etmişdi.
Dünən isə Əvəz Zeynallı və Elçin Sadıqov prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb...
**00:31
"Xural TV"nin rəhbəri Əvəz Zeynallını və vəkil Elçin Sadıqovu Binəqədi Rayon Məhkəməsinə gətiriblər.
Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.
Xatırladaq ki, hər ikisinə təqsirləndirilən şəxs qismində Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub.
**23:34(10.09.2022)
Jurnalist Əvəz Zeynallıya Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub. O qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılır.
Bu barədə vəkil Aqil Layıc məlumat verib..
Onun sözlərinə görə, Zeynallı özünü təqsirli bilmir.
Cinayət Məcəlləsinin qeyd edilən maddəsində 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Vəkil Elçin Sadıqov barəsində də Cinayət Məcəlləsinin 311-ci maddəsi üzrə cinayət işi başlanıb.
Baş Prokurorluğun istintaq İdarəsi tərəfindən Elçin Sadıqov barəsində də həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilib.
** 21:06
Son məlumata görə, “Xural” saytının redaktoru Əvəz Zeynallı rüşvət almaqda ittiham edilərək saxlanılıb. O, şənbə günü günortadan sonra kafelərdən birində saxlanılıb.
Fəal İlkin Rüstəmzadə saxlanılmanın şahidi olub. Onun sözlərinə görə, prokurorluq əməkdaşları Ə.Zeynallını Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham ediblər.
Axtarışdan sonra Baş Prokurorluğa aparılan Elçin Sadıqova qarşı ittiham irəli sürülüb-sürülmədiyi hələlik məlum deyil.
**20:57
Vəkil Elçin Sadıqov onun ofisində axtarış başa çatdıqdan sonra Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.
Bundan əvvəl vəkil jurnalistlərə bildirib ki, mənzilindən və ofisindən qeyri-qanuni olaraq peşə fəaliyyəti ilə bağlı sənədlər götürülüb.
O, prokurorluq nümayəndələrinin hərəkətlərini qanunsuz adlandırıb.
E.Sadıqovun sözlərinə görə, axtarış qərarı verilərkən onun vəkil olması barədə məhkəməyə məlumat verilməyib.
“Onlar məhkəməni aldadıblar”, - E.Sadıqov bildirib.
Vəkilin hansı statusda Baş Prokurorluğa aparıldığı hələlik bəlli deyil.
**19:28
Baş Prokurorluğun nümayəndələri vəkil Elçin Sadıqovun mənzilində axtarış aparıblar.
Bu barədə onun həyat yoldaşı Zibeydə Sadıqova məlumat verib.
Prokurorluq əməkdaşları məhkəmə qərarını təqdim edərək E.Sadıqovun apardığı işlərlə bağlı sənədləri götürüblər.
Bundan başqa, onun həyat yoldaşı, həmçinin vəkil olan Zibeydə Sadıqovanın da apardığı işlərlə bağlı sənədlər götürülüb.
Z.Sadıqova prokurorluğun hərəkətlərini qanunsuz adlandırıb.
Vəkil Aqil Layıc da vəkillərin sənədlərinin götürülməsinin hüquqa zidd olduğunu vurğulayıb.
Vəkil Aqil Layıcın sözlərinə görə, Vəkillər və vəkillik fəaliyyəti haqqında AR Qanununun 7-ci maddəsinə görə, «peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz».
“Dosyeyə nə daxildir, nə daxil ola bilər, nə dərəcədə aiddiyyəti sənədlərdir məsələsini müstəsna olaraq vəkilin özü həll edir”, - deyə Layıc bildirib.
E.Sadıqovun iş otağında axtarış davam edir.
**17:21
“Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı barəsində cinayət işi açılıb.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.
"Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - rəsmi açıqlamada qeyd olunub.
**16:58
Prokurorluq "Xural.az" saytının baş redaktoru əvəz Zeynallının və vəkil Elçin Sadıqovun ofis və mənzillərində axtarışlara başlayıb.
Baş Prokurorluqdan Turan agentliyinə bildiriblər ki, "fakt üzrə cinayət işi açılıb və istintaq tədbirləri aparılır".
Onu da qeyd edək ki, Ə.Zeynallının rüşvət almaqda şübhəli şəxs qismində tutulduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb.