Bu gün, sentyabrın 15-də ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayıb.
Senzor.az xatırladır ki, 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin birinci sinifinə gedən şagirdlərin sayı 158 297 nəfərdir. Doqquzuncu sinifdə 147 029, on birinci sinifdə isə 100 455 nəfər təhsil alacaq. Ümumilikdə, yeni tədris ilində 1 616 214 şagird oxuyacaq.
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 484 731 şagird təhsil alacaq. I sinifdə 46 200, IX sinifdə 37 987, X sinifdə 26 898, XI sinifdə 25 551, XII sinifdə 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Yeni tədris ilinin birinci günündə Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kəndində 360 şagird yerlik ikimərtəbəli yeni məktəb binası istifadəyə verilib və burada 29 ildən sonra ilk dəfə zəng çalınıb.
Açılış mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, elm və təhsil naziri Emin Əmrullayev, məktəbin kollektivi, Ağalı kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər yeni tədris ilinə işğaldan azad olunan Ağalı kəndində başlayan şagird və müəllimləri təbrik ediblər.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribat zamanı şəhid olanların xatirəsinə hörmət əlaməti olaraq 15 sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd edilməyib.
Ümumtəhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Yeni tədris ili iyunun 14-də başa çatacaq.