Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.
Bu barədə APA-ya onun vəkili Vüqar Xasayev məlumat verib.
Vəkil bildirib ki, Ali Məhkəmə V.Ələsgərovun cəzasını 7 il 2 ay 10 gün azaldıb və üzərində 6 il 9 ay 20 gün cəza saxlayıb.
Məhkəmə həmin cəzanı çəkən Vəli Ələsgərovun dərhal azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.
Vəkil qeyd edib ki, V.Ələsgərov hazırda Naxçıvanda cəzaçəkmə müəssisəsindədir və hələ azadlığa buraxılmayıb.
Xatırladaq ki, V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. Bu maddələrlə yanaşı, V.Ələsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddəsi ilə də ittiham elan edilib.
2016-cı ildə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Ələsgərov 14 il azadlıqdan məhrum edilib. Naxçıvan Ali Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, bu barədə ilk xəbəri "unikal.org" saytı yayıb.