Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə 13-14 oktyabr tarixlərində Şimal Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən Nazirliyin qurumlarının struktur bölmələri və yerli icra hakimiyyəti orqanlarının müvafiq qüvvələri ilə taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd baş verə biləcək irihəcmli fövqəladə hallar zamanı komandir-rəis heyəti tərəfindən qüvvələrin effektiv idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, şəxsi heyətin hadisələrə çevik reaksiyavermə və qarşılıqlı fəaliyyət üzrə bilik və bacarığının daha da artırılması olub.
Təlim Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarının ərazilərindəki potensial təhlükəli obyektlərdə eyni vaxtda keçirilib. Təlim zamanı şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, hadisəyə çevik reaksiya verilməsi, habelə kəşfiyyat, axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə komandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub.
Qeyd olunub ki, təlimin qarşıya qoyulmuş məqsədlərinə nail olunub.