Gəncə şəhərində Zəfər Forumu keçirilib.
Məlumata görə, Gəncə, Mingəçevir, Yevlax, Naftalan şəhərlərini, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy və Xocalı rayonlarını təmsil edən şəhid ailələrinin, mübaribə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forum Gəncə Dövlət Filarmoniyasında keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, adları qeyd olunan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.
Qonaqlar tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər.
Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu Forum Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə işə başlayıb.
Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq növbəti Zəfər Forumunun Gəncədə keçirilməsindən məmnunluq duyduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən söhbət açıb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Zəfər Forumunun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin erməni təcavüzkarlarının xaincəsinə törətdikləri terrorlara qarşı sarsılmaz dözüm və qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayıb.
O, Birinci vitse-prezident Mehriban Əliyevanın Ermənistanın Gəncədə törətdiyi terror aktı zamanı paylaşdığı sözləri xatırladıb: “Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”.
V.Quliyev Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirib. Eyni zamanda, Prezident İlham Əliyevin diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyətini, müdrik və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümünü xüsusi qeyd edib.
Sektor müdiri Zəfər forumlarının bütün ölkəni əhatə edəcəyini, qazandığımız Zəfər haqqında yerlərdə insanların, xüsusilə gənc nəslin illər keçdikdə daha dolğun məlumatlanmasına şərait yaradılacağını bildirib.
O qeyd edib ki, haqqın şanlı zəfərinə möhür vurmaq hər xalqa, hər dövlətə və hər Prezidentə - Ali Baş Komandana nəsib olmur.
Daha sonra Forumda iştirak edən rayonlardan gələn Milli Qəhrəman valideynlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib.
Tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, bəzi səhnələr nümayiş etdirilib.
Sonda Forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiramlarını bildiriblər.
Qeyd edək ki, növbəti forumlar Ağstafa, Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.
**15:09
Gəncə şəhərində Prezident Administrasiyasının dəstəyi, Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Forumu keçirilir.
Məlumata görə, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Müdafiə Nazirliyinin nümayəndələri, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak edirlər.
Forum iştirakçıları əvvəlcə Gəncədəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra Gəncə Dövlət Filarmoniyasında Zəfər Forumu işə başlayıb.
Prezident Administrasiyasının sektor müdiri V.Quliyev tədbir zamanı əsgərə məktub yazıb. O, məktubunda Azərbaycan əsgərləri ilə qurur duyduğunu, fəxr etdiyini vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov və Türkiyənin Gəncədəki Baş konsulu Z.Öztürk də Azərbaycan əsgərinə məktub yazıblar.("Report")