“Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi başlayıb. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, hazırlıq iclası Sumqayıt Məhkəmə Kompleksində keçirilib.
Musavat.com xəbər verir ki, cinayət işi hakim Zeynal Ağayevin icraatındadır. O həm də Bakı Hərbi Məhkəməsinin sədridir. Hazırlıq iclasında məhkəmə iclaslarının hansı səbəbdən Sumqayıt Məhkəmə Kompleksində keçirildiyi açıqlanmayıb. Vəkillərdən biri deyib ki, Bakı Hərbi Məhkəməsində iclasların qrafikində sıxlıq olması səbəbindən boş məhkəmə salonu olmamasına görə belə qərar verilib.
Bu iş üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində bir neçə icraatda aparılır. İstintaqlar başa çatdıqca ayrı-ayrı qruplar şəklində məhkəməyə göndərilir. Bakı Hərbi Məhkəməsinə artıq istintaqı başa çatmış üç qrupun işi göndərilib və hakim icraatlarına verilib. Bu gün hazırlıq iclası keçirilənsə dörd nəfərdən ibarət ilk qrupun işi üzrədir. Müttəhimlər kürsüsündə N saylı hərbi hissənin hərbi qulluqçuları Rüstəm Ələsgərov, Ramil Qarayev, Vüsal Ələsgərov, Rəşid Niftəliyev əyləşib. Onlar Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və 128-ci maddələrinin müxtəlif hissələriylə ittiham olunurlar.
Vəkillər müvəkillərinin ev dustaqlığına buraxılması və məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı vəsatətlər təqdim ediblər. Vəkil Samir İsayev məhkəmə iclaslarında hərbi hissələrə aid açıqlanacaq məlumatların gizli saxlanması üçün iclasların qapalı keçirilməsini vacib sayıb.
Zərərçəkənlərsə vəsatətlərin təmin olunmamasını istəyiblər. Onlar ictimaiyyətin baş verənlərdən məlumatlanması üçün məhkəmə iclaslarının açıq keçirilməsini istəyiblər.
Zərərçəkmişlərdən də vəsatət təqdim edənlər olub. Məsələn, zərərçəkən Rəfail Emçiyev vəsatətində göstərib ki, təqsirləndirilən şəxslərə verilmiş maddələr ağırlaşdırılmalıdır. Vəsatətdə dəhşətli cinayətlərin təşkilatçılarının kənarda qaldığını da vurğulayıb. Hakimsə bildirib ki, zərərçəkən əslində bu vəsatəti Baş Prokurorluğa da təqdim edib və surətini məhkəməyə gətirib.
Zərərçəkən Elmin Orucov da vəsatət verib ki, dəhşətli işgəncələrin təşkil edildiyi korpusların rəhbərləri də cinayət məsuliyyətinə cəlb olunsun: “Bunlar işgəncə verənlərin çox az hissəsidir. Bu iş üzrə istintaq obyektiv və ətraflı aparılmayıb. Bu işgəncələrin təşkilatçıları azadlıqdadır. Bəkir Orucovu tutublar, ancaq işgəncələrin verildiyi korpusların komandirləri Mais Bərxudarov, Hikmət Həsənov məsuliyyətə cəlb olunmayıb, dindirilməyib, üzləşdirilməyib. Bu cinayət işi tam araşdırılmayıb”.
Sonra dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirib. Deyib ki, “Tərtər işi” uzun müddətdir mediada və sosial şəbəkələrdə müzakirəyə səbəb olub və saxlanılası heç bir sirr qalmayıb. Prokuror məhkəmələrin açıq keçirilməsini istəyib.
Hakimlər müşavirəyə gedib. Təxminən 30 dəqiqəlik müşavirədən sonra hakim Zeynal Ağayev vəsatətlərə münasibət bildirib. Məlum olub ki, vəkillərin heç bir vəsatəti təmin edilməyib.
Zərərçəkənlərin vəsatətləri isə baxılmamış saxlanılıb. Hakim məhkəmə baxışını martın 28-nə təyin edib. Məhkəmə baxışı Sumqayıt Məhkəmə Kompleksində keçiriləcək.
Xatırladaq ki, qeyd olunan hərbi hissələrdəki işgəncələr 2017-ci ilin əsasən may ayını əhatə edir. Həmin vaxt yüzlərlə hərbi qulluqçuya işgəncə verilib. Bu işgəncələrə dözməyərək dünyasını dəyişənlər də olub. Məsələ illərlə ictimailəşdikdən sonra nəhayət, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində 2017-ci ilin mayında tabeliklərindəki hərbi qulluqçulara və sıravi əsgərlərə işgəncə verməkdə şübhəli bilinən hərbi hissə rəhbərliklərinin istintaqı davam edir. İstintaqa cəlb olunanların epizodlar üzrə istintaq hərəkətləri və dindirmələri başa çatdıqdan sonra onlar hissə-hissə məhkəməyə verilirlər. 3 ayrı iş üzrə təqsirləndirlən ümumilikdə 9 nəfər də bunlardandır. “Tərtər işi” üzrə zərərçəkmişlərin ümumi sayı 400 nəfərdən çoxdur. Bu 9 nəfərin cinayət işi üzrə məhkəməyə göndərilən üç ayrı-ayrı icraata verilmiş işlərdə 100-dən çox zərərçəkənin adı qeyd olunub.