"5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işləməsi 20-30 il ərzində baş verən prosesdir".
Senzor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dəqiq rəqəmlərin olması diplomların ilk dəfə məlumat bazasında toplanması ilə əlaqədardır: "Bu toplamadan sonra bütün uyğunsuzluqlar üzə çıxır. Sistemdə üç qrup insan var. Bir qrupun ali pedaqoji təhsili var, amma o, məktəbəqədər deyil. İkinci qrup insanların ali təhsili var, amma pedaqoji deyil. Məsələn, mühəndis, maliyyəçidir. Üçüncü qrup insanlar var ki, onların bizdə sənədi yoxdur. Ola bilər ki, sənədləri var, amma bizim sistemdə yoxdur.
Təqdim etməyibsə, biz ona ən aşağı dərəcə ilə maaş veririk. Sənədlərin təqdim edilməsi vacibdir".
Nazir uzun müddət həmin müəllimlərə ixtisas səviyyələri hesablanmadan əmək haqqı ödənildiyini xatırladıb: "Məsələni qanunvericiliyə uyğun olaraq qaydaya salmağa çalışırıq. Bu, heç bir halda müəllimlərin, tərbiyəçilərin kütləvi ixtisarı anlamına gəlmir. Tədricən mərhələli şəkildə diaqnostika və sertifikasiya həyata keçirilməklə müəyyən qaydaya alınır. Düşünürəm ki, yavaş-yavaş məsələni qaydasına qoyacağıq".
Qeyd edək ki, nazirlik bu gün 5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işlədiyini açıqlayıb.
**10:08
Bəzi bağça müəllimlərinin dərəcəsinin azaldılması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.
Senzor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
"Bildiyimiz kimi, ölkə başçısının müvafiq sərəncamına əsasən dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb.
Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.
Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.
Elm və Təhsil Nazirliyi yaranmış problemin həlli üçün hazırda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərə təhsil sənədlərini aidiyyəti quruma təqdim etmək üçün imkan yaradıb. Sözügedən heyət tərəfindən müvafiq ixtisas üzrə təhsil sənədi təqdim edildiyi halda onların əməkhaqqı ödənişinin “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na əsasən ödənilməsi həyata keçiriləcək.
Məlumat üçün qeyd edək ki, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunu elektron qaydada həyata keçirir, həmçinin məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu prosesi də ilk dəfə mərkəzləşdirilmiş müsabiqə yolu ilə təşkil olunaraq 102 nəfər işə qəbul edilib.
Hazırda sözügedən təhsil müəssisələrinə rəhbər heyətin mərkəzləşdirilmiş müsabiqə əsasında işə qəbulu ilə bağlı qaydalar hazırlanır. Həmçinin serifikatlaşmanın tətbiqi də əsas hədəflərdəndir" - deyə cavabda qeyd olunub.