
AzərTAc xəbər verir ki, sərgidə Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinə və iştirakçılarına məxsus geyimlər, mülki və hərbi əşyalar, fotolar, sənədlər, medallar və sair eksponatlar nümayiş olunur. Sentyabrın 27-də Vətən müharibəsinin birinci ildönümü günündən başlayaraq qoruq əməkdaşları və ictimai birliyin üzvləri Ağsu şəhərində və kəndlərdə, Bakı və Sumqayıt şəhərlərində yaşayan şəhid ailələri ilə görüşüb, onlardan övladları haqqında məlumatlar toplayıblar.

“Zəfər qəhrəmanları” sərgisinin açılışında şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbər işçiləri, “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Mərkəzinin rəhbəri professor Qafar Cəbiyev çıxışında Qarabağ müharibəsindən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbədən, rəşadətli Ordumuzun şücaətindən bəhs edib. Professor sərginin şəhid və qazilərə həsr olunmasının, onların əşyalarının dəyərli tarixi eksponat kimi sərgilənməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov Birinci və İkinci Qarabağ müharibələrindən, sərgidə hər iki müharibənin şəhidlərinin əşyalarının nümayiş olunmasının vətənpərvərlik, varislik baxımından əhəmiyyətindən danışıb. Laçından olduğunu vurğulayan professor Laçının Ali Baş Komandanın diplomatik təzyiqləri, şəhid və qazilərimizin qanı bahasına azad edildiyini bildirib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Zəfər qəhrəmanları” sərgisini təqdir edib, bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Ağsu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəxtiyar Məmmədov şəhid və qazilərə həsr olunmuş sərgi və kitabların hazırlanmasının nəinki mədəni, həm də elmi hadisə olduğunu, alimlərimizin bu sahədə tədqiqatlarını davam etdirəcəklərinə inandığını vurğulayıb. Şəhid anaları Şölə Vahabova, Əsli Təhməzova, Könül Quliyeva, Fəxriyyə Xəlilova, Narınc Məlikova, şəhid ataları Habil Cəbiyev, Namiq Cəfərov, Mirzə Şamilov və şəhid İlkin Zülfüqarovun bacısı Əfsanə Ələkbərova şəhidlərimizlə bağlı xatirələrini bölüşüb, sərginin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Sonra məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Sonda şəhid Fərid Nəcəfovun bacıları Aytac və Ayşən “Zəfər qəhrəmanları” sərgisinin açılış lentini kəsiblər.

İştirakçılar sərgi zalında eksponatlara baxıb, rəy və təkliflərini bildiriblər. Şəhid ailələri sərginin daha da zənginləşdirilməsi və davamlı olması üçün dəstək verəcəklərini qeyd ediblər. Sərgidə xatirə fotoları çəkilib, ürək sözləri deyilib.


