Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində sanksiyaya məruz qalan Azərbaycanın “Aqua Fleet Management” şirkəti 2024-cü ilin avqustunda 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.
Senzor.az bildirir ki, şirkətin rəsmi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, ev 5, mənzil 25-dir və Kaxaber İremadzeyə məxsusdur.
Aqua Fleet Management neftin daşınması ilə məşğuldur - o, iki tanker "Saurri" və "Ederra", eləcə də "Temirro" quru yük gəmisini idarə edir. Gəmilər, açıq mənbələrdə qeyd edildiyi kimi, beynəlxalq sularda Kamerun bayrağı altında üzür.
**10:24
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə qarşı sanksiya tətbiq edib.
Senzor.az bildirir ki, Aİ-nin rəsmi jurnalında dərc olunan məlumatda belə deyilir.
Sanksiyaya məruz qalan Azərbaycan şirkəti "Aqua Fleet Management"dir.
Çinin "Bellatrix Energy", "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK", "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry", Hindistanın "Intershipping Services Hub Private" və "Nayara Energy", Mavrikiyanın "Redbird Corporate Services" və "Sapang Shipping" Sinqapurun "2Rivers PTE", BƏƏ-nin "Intershipping Services", "Twister Shipmanagement", "Admiral Group", "Milavous Group", "2Rivers DMCC", "Monolink Group" və "Tarabya Logistics" şirkətləri də 18-ci sanksiyalar paketində yer alıb.