Bakı şəhərində dövlət mühafizəsində olan abidələrin görkəmini korlayan reklam lövhələri və məişət qurğuları sökülüb.
Senzor.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmət tərəfindən tarix-mədəniyyət abidələrinin qorunması, onların bədii-estetik xüsusiyyətlərinə, ilkin simasına xələl gətirən, standartlara cavab verməyən reklam və məişət qurğularının yerləşdirilməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, görülən tədbirlər nəticəsində tarix-memarlıq abidələrinin fasadı, dam örtükləri və digər hissələrinə qanunsuz müdaxilələrin qarşısı alınır, tarixi abidələr ilkin görkəminə qaytarılır.
Həmçinin Bakı şəhərində yerləşən tarix-memarlıq abidələrinə uzun illər ərzində edilmiş qanunsuz müdaxilələrin nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən pilot layihə çərçivəsində 12 ünvanda yerləşən dövlət mühafizəsində olan abidələrin görkəmini korlayan reklam lövhələri və məişət qurğuları sökülüb.
Məlumata görə, söküntü işləri Dövlət Xidmətinin Bakı Regional İdarəsinin müraciəti əsasında Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən həyata keçirilib. Eyni zamanda, müvafiq işlərin icrasında vətəndaşlar və mülki cəmiyyətin nümayəndələri də əməkdaşlıq edib, öz dəstəklərini göstəriblər.
"Bundan sonra da bu kimi işlər davam etdiriləcək. Tarix-mədəniyyət abidələrinin üzərində onların memarlıq üslubuna, xarici görkəminə və bədii-estetik xüsusiyyətlərinə xələl gətirən qanunsuz müdaxilə halları müəyyən edilərək aradan qaldırılması təmin ediləcək. Dövlət Xidməti vətəndaşlar, elm dairələrinin nümayəndələri, müxtəlif hüquqi şəxslər, o cümlədən dövlət orqanları ilə müvafiq məsələ üzrə qarşılıqlı faydalı əməkdaşlığını davam etdirəcək", - məlumatda vurğulanıb.