
Bu barədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.
Onun sözlərinə görə, bu gün Əli Əliyevi ziyarət üçün Bakı İstintaq Təcridxanasına getsə də, görüşə icazə verilməyib: “Ancaq bizə bəzi məlumatlar verildi. Vəziyyəti və səhhəti normaldır. Dünən evindən pal-paltar gətiriblər. Ailəsi ilə telefon əlaqəsi saxlayıb və gələn həftə qanuna müvafiq qaydada görüşə biləcək. Bizim apardığımız sovqatı bu səbəblə götürmədilər və bildirdilər ki, bazar ertəsi evdən sovqat gətiriləcək”.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi Əli Əliyevi Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun xüsusi ittiham qaydasındakı şikayəti əsasında həbsə göndərib.
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterin qəzaya uğraması nəticəsində yaralanmış polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.
Onlar şikayətlərində bildiriblər ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı-ayrı icraatda araşdırılır.
VİP sədri Əli Əliyev 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” “YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal irəli sürüb.