"Son zəng tədbiri ilə bağlı müvafiq təlimat var. Məktəb direktorlarının, müəssisə rəhbərlərinin həmin təlimata əməl etmələri tövsiyə yox, artıq tapşırıqdır və hər kəsi bu təlimata ciddi şəkildə əməl etməyə çağırırıq".
Senzor.az bildirir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəbdaxili tədbirin keçirilməsi ilə bağlı nümunəvi ssenari və nümunəvi protokol göndərilib: "Bu protokoldan kənara çıxmaq uyğun deyil. Protokolda həm sadə bədii hissə, eyni zamanda şagirdlərimizin kiçik həcmli çıxışları nəzərdə tutulur. Həmçinin şagirdlərin yaradıcı bir təqdimatları ola bilər.
Amma bunun hansısa ciddi - məktəb kollektivi və valideyn icması üçün əlavə maliyyə yükü yaradan formatda keçirilməsini məqsədəuyğun hesab etmirik, bu yolverilməzdir".