"Təkcə Bakıda 500 mindən artıq sənədsiz ev var".
Senzor.az bildirir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə parlamentin Regional Məsələlər Komitəsinin bugünkü iclasında bir neçə qanuna və məcəlləyə təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.
Deputat bildirib ki, regionlarda bu say daha da çoxdur və o evlərin sənədi olmadığı üçün həmin yaşayış yerlərini sığortalamaq olmur: “Sabunçuda subasma nəticəsində xeyli mənzilə ziyan dəyib. Onların heç birinin sənədi yoxdur, vətəndaşlar çox ciddi zərər görüblər. Neft olan ərazidə yerləşdiyindən zərərli suların evlərə dolması nəticəsində əksəriyyətində yaşamaq belə mümkün deyil. O vətəndaşlara hansısa formada dəstək olmaq imkanından məhrumuq, çünki sənədləri yoxdur. "Balaxanıneftin" rəhbəri ilə əlaqə saxlamağa çalışdım, telefonlarıma cavab vermədi, müavini dedi ki, “rəisimi çox az hallarda görürəm”. Bu məsələdə insanlara yadım etməliyik".
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov həmkarının fikirlərinə münasibət bildirib. O qeyd edib ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Prezidentin göstərişi olub, burada obyektiv və subyektiv səbəblər var: “Hazırda sənədsiz evlərin obyektiv səbəblərindən biri odur ki, bu evlərin bir çoxu kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilib.
Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir. Çünki onlar bələdiyyələrə, əmlak, torpaq vergisi vermirlər və bələdiyyələrin büdcəsinin formalaşmasında rol oynamırlar. Bu torpaqlarda tikilən evlərin sənədləşdirilməsi üçün torpağın kateqoriyası dəyişməlidir. Amma bunun üçün 5-6 nazirlikdən icazə alınmalıdır. Bu, çox uzun prosesdir.
Digər tərəfdən bu evlərin bir hissəsi neft ərazisində tikilib və bu ərazilər SOCAR-a aiddir. SOCAR gərək bunlar üçün xüsusi məktub versin ki, bunun əsasında sakinlər öz evlərini sənədləşdirsinlər. Digərləri var ki, evlərini yüksək təzyiqli qaz xətlərinin altında, dəmiryolu kənarında tikiblər. Torpaqların kateqoriyaları dəyişməli, yenilənməlidir”.