Paytaxtın Xətai rayonunda yaşayan vətəndaş polisə müraciət edərək mənzilindən 1 300 manat nağd pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - 46 yaşlı Aleksandria Kaxaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Daviti və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq izi itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri öz aralarında saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi planlaşdırıblar.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.