
Prezident İlham Əliyevin regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər çərçivəsində respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkir şəhərində inşa edilib.
Senzor.az bildirir ki, 2014–cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan zavod 2.055 hektar ərazini əhatə edir.

Fevralın 4-də Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev “Çörəkçi” zavoduna baş çəkib, istehsal prosesi ilə yaxından tanış olub.
Zavodun direktoru Tural Hacıyev bildirib ki, çörək və şirniyyat məhsulları bölmələrindən ibarət olan müəssisədə ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edir.

İcra başçısına məlumat verilib ki, zavodda 907 kvadratmetr olan xammal anbarı, hər birinin tutumu 25 ton olan dörd ədəd silo (unun istehsalda avtomatlaşdırılmış formada istifadəsi üçün) çənləri var. Eyni zamanda hazır məhsulun saxlanması üçün sahəsi 560 kvadratmetr olan hazır məhsul anbarı mövcuddur. Zavodda 12 çeşiddə çörək, 10 çeşiddə isə şirniyyat istehsal olunur. Məhsullar əla növ buğda unundan hazırlanır və satış məntəqələrinə çatdırılır.
Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına imkan verir: “Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə yüksək keyfiyyətli çörək məhsulları təqdim edilir”.

Yenicə istehsaldan çıxan isti un məmulatlarına baxış keçirən icra başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti “Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanır: “Bu siyasətin başlıca istiqamətlərindən biri isə ölkənin regionlarının tarazlı inkişafıdır. Bu inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlməsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir”.
Qabil YUSİFOĞLU