Bakı Olimpiya Stadionunda keçiriləcək konsert proqramı ilə əlaqədar Heydər Əliyev prospekti və Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi istiqamətindən stadion istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, bu gün BOS-da dünya şöhrətli pop ulduz Castin Timberleykin konserti olacaq.
Bu tədbir onun “The Forget Tomorrow World Tour” dünya turuna daxildir və Azərbaycanda ilk solo konserti olacaq.
Konsertdə ifaçının yeni “Everything I Thought It Was” albomundan mahnılar səslənəcək. Bakıdakı çıxış üçün yüksək texnologiyalı səhnə və xüsusi vizual effektlər nəzərdə tutulub.
Konsertə görə ölkəmizə 25 minə yaxın turistin gəldiyi bildirilir. Onların bir qismi artıq hotellərinə yerləşib. 20 mindən çox yerli əhali də tədbiri izləyənlər arasında olacaq. Ümumilikdə konsertdə 50 minə yaxın insanın iştirak edəcəyi gözlənilir.