Gəncədə bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 1989-cu il təvəllüdlü Ayaz Məmmədov xəstəxanada dünyasını dəyişsə də, onun meyiti hələ də yaxınlarına verilmir.
Mərhumun qaynı Elçin Böyükkişiyevin Teleqraf-a bildirdiyinə görə, onlara A.Məmmədovun vəfat etməsi və onun nəşinin "DNK Hospital" özəl tibb müəssisəsindən götürülməsi ilə bağlı zəng olunub.
Lakin sonradan tibb müəssisəsindən bildirilib ki, xəstə ölməyib və onu yaxınlarına təhvil verə bilməzlər.
"Hadisə iyulun 24-ü baş verib. Təxminən 4 min manat sığorta ödənişi edilib. 10 min manat da biz vermişik. Bizə günün birinci yarısında zəng gəldi ki, Ayaz Məmmədov dünyasını dəyişib, gəlin aparın. Sonradan isə deyirlər ki, ölməyib, sağdır. Xəstəxanada olan qohumlar Ayazın öldüyünü təsdiqləsələr də, klinika meyiti bizə vermir" - deyə E. Böyükkişiyev bildirib.
Axşam saatlarında tibb müəssisənin qarşısına mərhumun yaxınları toplaşıb və yaranan vəziyyətə etiraz ediblər.
Qeyd edək ki, A. Məmmədov iyulun 24-də yolu keçərkən "Mercedes-Benz" markalı avtomobil tərəfindən vurulub.