Azərbaycanın məşhur şairi Məmməd İsmayıl vəfat edib.
Senzor.az bildirir ki, bu barədə KİV-ə şairin dostu Ehtiram İlham məlumat verib.
O bildirib ki, şair vəsiyyətinə uyğun olaraq, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.
Xatırladaq ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.
1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976–1980-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsinin nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988–1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışıb.
1989–1993-cü illərdə Xalq hərəkatında iştirak edib və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərib. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Şirkəti İdarə Heyətinin sədri vəzifəsini tutub.
1995–1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərib.
1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğul olub.
Məmməd İsmayıl son illərdə səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Sonuncu dəfə bir neçə gün öncə xəstəxanalardan birinə yerləşdirilən şair vəfat edənə qədər orada müalicə alıb.
Allah rəhmət eləsin!